Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və Polşanın Mərkəzi Ölçülər İdarəsi arasında elmi və texniki əməkdaşlıq haqqında Memorandum imzalanıb. "Report" bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, sənəd institusional əməkdaşlığın qurulması və genişləndirilməsi, eləcə də uzunmüddətli tərəfdaşlıq mexanizmlərinin formalaşdırılmasını təmin etmək məqsədinə xidmət edir, metrologiya sahəsində təcrübə və texniki biliklərin mübadiləsi, ölçmə metodikalarının inkişafı və təkmilləşdirilməsi, həmçinin seminarlar və təlim proqramları vasitəsilə kadr potensialının artırılması istiqamətində əməkdaşlığı nəzərdə tutur. Bu məqsədlə İnstitutun baş direktoru Xamis Seyranov Polşaya işgüzar səfər edib. Səfər zamanı Mərkəzi Ölçülər İdarəsinin fəaliyyəti, o cümlədən burada yerləşən Vaxt və uzunluq, Elektrik və radiasiya, Mexanika və akustika, eləcə də Fiziki-kimya və ətraf mühit metrologiyası departamentlərinin laboratoriyalarına baxış keçirilib.