Avstraliya hökuməti şənbə günü ölkənin qərbindəki siçan istilasından narahat olduğunu və ərzaq təchizatına təsirini azaltmaq üçün sənaye ilə işləməyə davam edəcəyini bildirdi. Enerji naziri Kris Bouen Sidneydən televiziya vasitəsilə verdiyi açıqlamada: “Aydındır ki, biz Qərbi Avstraliya da daxil olmaqla siçan vəziyyətindən narahatıq” dedi. Yerli mediaya görə, Avstraliya taxılçılıq regionlarında davamlı problem olan siçanlar Qərbi Avstraliya ştatının buğda kəməri bölgəsindəki fermaları istila edib. Vəziyyət aprel ayında taxıl istehsalçılarını məhsul itkiləri barədə xəbərdarlıq etməyə və daha güclü siçan zəhərinə çıxış tələb etməyə vadar edib. Bouen bildirdi ki, mərkəz-sol hökumət yerli və xarici ərzaq təchizatına istilanın təsirini azaltmaq üçün sənaye ilə sıx işləməyə davam edir. O əlavə etdi: “Siçan istilası fermerlər, sənaye və hökumətlər üçün çox çətin bir vəziyyətdir”. Dünyanın dördüncü ən böyük buğda ixracatçısı olan Avstraliya , ölkənin elm agentliyinin məlumatına görə, 1993-cü ildə ən pis siçan istilasından əziyyət çəkib. Həmin vaxt gəmiricilər minlərlə hektar məhsulu məhv edib və donuz, toyuq fermalarında heyvanlara hücum ediblər.