Son 48 saat ərzində Braziliyanın şimal-şərqini vuran güclü yağışlar ən azı altı nəfərin ölümünə və Pernambuco və Paraiba ştatlarında minlərlə insanın evindən didərgin düşməsinə səbəb olub. Bu barədə şənbə günü federal hökumət bəyanat yayıb. Pernambuco ştatında yağışlar ştatın paytaxtı Resife və yaxın ərazilərdə daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Resife şəhərində iki, qonşu Olinda şəhərində isə iki nəfər ölüb, təxminən 1500 nəfər evindən didərgin düşüb və ya evsiz qalıb. Braziliyanın İnteqrasiya və Regional İnkişaf Nazirliyinin məlumatına görə, Paraiba ştatında iki nəfər ölüb və 1800 nəfər evindən didərgin düşüb və ya evsiz qalıb. Nazirlik ən çox zərər çəkən şəhərlər arasında Konde , ştatın paytaxtı Joao Pessoa və Kampina Qrande şəhərlərinin olduğunu bildirib. Nazirlik bildirib ki, "Milli Risk və Fəlakətlərin İdarə Edilməsi Mərkəzi yağışların kritik dövründə 22 xəbərdarlıq yayıb. Pernambuco və Paraiba ştatlarında yaranan təsirlər və region üçün hava proqnozu səbəbindən əməliyyat səviyyəsi maksimum həyəcan siqnalına qaldırılıb". Əlavə edilib ki, yağışlar azalsa və vəziyyət yaxşılaşsa da, şənbə günü ərzində ayıq-sayıq olmaq lazımdır. Prezident Luiz İnasio Lula da Silva X sosial şəbəkəsində yerli hakimiyyət orqanları ilə danışaraq dəstək təklif etdiyini bildirib. O əlavə edib ki, "Hökumət bütün lazımi yardımı göstərmək üçün vəziyyəti izləməyə davam edir."