Türkiyə-Azərbaycan Universitetində (TAU) hazırda ümumilikdə 174 tələbə təhsil alır. "Report" xəbər verir ki, bunu TAU-nun Tədris şöbəsinin Günel Teymurova deyib. O bildirib ki, cari tədris ili üzrə universitetə qəbul olunan tələbələrin sayı 92 nəfər, ötən il qəbul olunan tələbələrin sayı isə 82 nəfər olub: "Kompüter mühəndisliyi ixtisasına qəbul üzrə ən yüksək bal 674,3, sənaye mühəndisliyi ixtisasında 654,4, qida mühəndisliyi ixtisasında isə 553,6 olub. Universitet "çətir universitet" modeli ilə fəaliyyət göstərir. Azərbaycan tərəfi torpaq, bina, laboratoriya və avadanlıq kimi maliyyə və texniki imkanları təmin edir, Türkiyə tərəfi isə tədrisin keyfiyyəti, proqramların təşkili və 8 semestrlik tədris planının icrası ilə məşğuldur. Belə ki, TAU Türkiyənin üç aparıcı universitetinin proqramlarını özündə birləşdirir: kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universiteti (ODTÜ), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universiteti (İTÜ), qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin tədris proqramları tətbiq olunur. Universitetin Azərbaycan tərəfdən tərəfdaşı isə Azərbaycan Texniki Universitetidir (AzTU)". "TAU-da təhsil dövlət hesabınadır və dərslər ingiliscə keçirilir. Tələbələrin akademik ingilis dili bacarıqları ODTÜ-nün aparıcı mütəxəssisləri tərəfindən inkişaf etdirilir. Proqramı uğurla başa vuran tələbələr həm Türkiyə, həm də Azərbaycan tərəfindən beynəlxalq səviyyədə tanınan diplomlar alırlar ki, bu da məzunlara həm yerli, həm də qlobal iş imkanlarına birbaşa çıxış imkanı yaradır", - şöbə müdiri əlavə edib.