ABŞ Prezidenti Donald Tramp Meksikada hakimiyyətin faktiki olaraq narkokartellərin əlində olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə o Ağ Evdə çıxışında deyib. "Meksikanı kartellər idarə edir və başqa heç kim. Kartellər. Onlar sadəcə oranı idarə edirlər", - ABŞ lideri bildirib. Trampın sözlərinə görə, sintetik opioid fentanilin ABŞ-yə qeyri-qanuni yolla gətirilməsi məhz bununla izah olunur. Bunun fonunda son həftələrdə iki ölkə arasındakı münasibətlərdə yeni gərginlik dalğası müşahidə olunur. Daha əvvəl Tramp narkotik qaçaqmalçılığı ilə mübarizəni aktivləşdirmək məqsədilə ABŞ-nin Meksikanın daxili işlərinə müdaxilə etməyə hazır olduğu barədə faktiki olaraq xəbərdarlıq edib. Bundan əlavə, "CBS News" telekanalı mayın 7-də xəbər verib ki, Tramp administrasiyası ABŞ ərazisindəki Meksikanın 53 konsulluq idarəsinin fəaliyyətinə, onların bir hissəsinin mümkün bağlanması ilə, yenidən baxış keçirməyə başlayıb.