ROMA : Qəzzaya yardım aparmağa çalışan flotiliyada saxlanıldıqdan sonra İsrail həbsindən azad edilən fəallar təcavüzə məruz qaldıqlarını bildiriblər. Təşkilatçılar cümə günü (may 22) verdikləri açıqlamada, bir neçə nəfərin xəsarətlə xəstəxanaya yerləşdirildiyini və ən azı 15 nəfərin cinsi təcavüzə, o cümlədən zorlamaya məruz qaldığını qeyd ediblər. Reuters bu iddiaları dərhal təsdiq edə bilməyib. İsrail həbsxana xidməti cümə günü, İsraildə bayram günü olduğu üçün ittihamlarla bağlı şərh sorğularına dərhal cavab verməyib. İsrail ordusu sorğuları Xarici İşlər Nazirliyinə , nazirlik isə həbsxana xidmətinə yönləndirib. Cümə axşamı həbsxana xidməti bildirib: “Bütün məhbuslar və saxlanılanlar qanuna uyğun olaraq, əsas hüquqlarına tam hörmətlə və peşəkar, təlim keçmiş həbsxana işçilərinin nəzarəti altında saxlanılırlar. Tibbi yardım peşəkar tibbi qərar əsasında və Səhiyyə Nazirliyinin təlimatlarına uyğun olaraq göstərilir”. İsrail qüvvələri çərşənbə axşamı Qəzza zolağına yardım aparmağa çalışan könüllülər flotiliyasını dayandırmaq üçün beynəlxalq sularda 50 gəmidə olan 430 nəfəri həbs edib. Təcavüz iddiaları, İsrail kabinet nazirinin həbsxanada bəzi fəalları ələ saldığı videonun beynəlxalq etirazlara səbəb olmasından sonra İsrail səlahiyyətlilərinə saxlanılanlara qarşı rəftarı izah etmək üçün təzyiqi artıracaq. İtaliya bildirib ki, AB üzvləri nazir İtamar Ben-Gvirə qarşı sanksiyalar tətbiq etməyi müzakirə edirlər. “Ən azı 15 cinsi təcavüz , o cümlədən zorlama halları. Yaxın məsafədən rezin güllələrlə vurulma. Onlarla insanın sümükləri qırılıb”, – Global Sumud Flotilla təşkilatçıları Telegram sosial media tətbiqində yazıblar. “Dünyanın gözü iştirakçılarımızın əziyyətinə yönəldiyi halda, biz bunun İsrailin Fələstinli girovlara gündəlik tətbiq etdiyi vəhşiliyin yalnız kiçik bir hissəsi olduğunu kifayət qədər vurğulaya bilmərik.”