Şimali Çində kömür mədənində baş verən qaz partlayışı nəticəsində ən azı səkkiz nəfər həlak olub və onlarla insan yeraltında tələyə düşüb. Bu barədə şənbə günü dövlət mediası məlumat yayıb. Xinhua dövlət xəbər agentliyinin məlumatına görə, partlayış cümə günü yerli vaxtla saat 19:29-da Şanxi əyalətindəki Liushenyu kömür mədənində baş verib. Xinhua bildirib ki, hadisə zamanı ümumilikdə 247 işçi yeraltında olub, onlardan 201-i şənbə günü səhər saat 6:00-a qədər təhlükəsiz şəkildə yer səthinə çıxarılıb. Agentlik yerli fövqəladə hallar idarəetmə orqanlarına istinadən bildirib ki, səkkiz nəfərin öldüyü təsdiqlənib, 38 nəfər isə hələ də yeraltında tələyə düşmüş vəziyyətdədir. Xinhua -nın məlumatına görə, Prezident Xi Jinping xəsarət alanların müalicəsi üçün “bütün səylərin” göstərilməsini tələb edib və hadisənin hərtərəfli araşdırılmasına çağırıb. O, “bütün regionların və departamentlərin bu qəzadan dərs çıxarmalı, iş yerlərində təhlükəsizliklə bağlı daim ayıq-sayıq qalmalı... və böyük və fəlakətli qəzaların baş verməsinin qətiyyətlə qarşısını almalı və dayandırmalı olduğunu” vurğulayıb. Xinhua bildirib ki, xilasetmə işləri davam edir. Xinhua daha əvvəl məlumat vermişdi ki, yüksək zəhərli, qoxusuz qaz olan karbon monoksid səviyyəsi mədəndə “limitləri keçib”. Əvvəlki hesabatda yeraltında tələyə düşənlərin bəzilərinin “kritik vəziyyətdə” olduğu qeyd edilmişdi. Çinin daha kasıb əyalətlərindən biri olan Şanxi , ölkənin kömür mədənçiliyi paytaxtıdır. Ölkədə mədən təhlükəsizliyi son onilliklərdə yaxşılaşsa da, təhlükəsizlik protokollarının tez-tez zəif olduğu bu sənayedə qəzalar hələ də tez-tez baş verir. Çin , rekord sürətlə bərpa olunan enerji gücü quraşdırmasına baxmayaraq, dünyanın ən böyük kömür istehlakçısı və ən böyük istixana qazı emissiyası yaradan ölkəsidir. ( AFP )