Hindistan hökuməti şənbə günü verdiyi açıqlamada, 1 iyundan başlayaraq benzin , dizel və aviasiya turbin yanacağı (ATF) üçün ixrac rüsumlarını azaldacağını bildirib. Açıqlamada qeyd olunub ki, benzin ixracına görə rüsum litrə 1.5 rupi (0.0158 dollar), dizel ixracına görə isə litrə 13.5 rupi müəyyən edilib. ATF üçün ixrac rüsumları litrə 9.5 rupi səviyyəsində təyin edilib. Bu tariflər iki həftədən bir yenidən nəzərdən keçirilir və son nəzərdən keçirildiyi dövrdən bəri xam neft , benzin, dizel və ATF-nin orta beynəlxalq qiymətlərinə əsaslanır. Daxili istehlak üçün nəzərdə tutulan benzin və dizel üzrə mövcud aksiz rüsumu dərəcələrində heç bir dəyişiklik yoxdur.