Almaniya aviaşirkətinin verdiyi məlumata görə, cümə axşamı günorta saatlarında Frankfurt Hava Limanında qapıda park edilmiş Lufthansa Airlines tərəfindən idarə olunan Boeing 787-9 Dreamliner təyyarəsinin ön burun şassisi çökməsi nəticəsində bir neçə əməkdaş xəsarət alıb. Aviaşirkət ABC News -a verdiyi açıqlamada bildirib ki, təyyarə Los Ancelesə uçuşa hazırlaşarkən "təyyarənin burun şassisi park edilmiş vəziyyətdə gözlənilmədən geri çəkilib". Aviaşirkət əlavə edib ki, hadisə zamanı təyyarədə sərnişin olmayıb, yalnız "ekipaj üzvləri və yerüstü heyət" olub. Aviaşirkətin məlumatına görə, "bir neçə nəfər yüngül xəsarət alıb – iki Lufthansa kabin heyəti üzvü və xidmət təminatçılarından digər əməkdaşlar tibbi müalicə üçün xəstəxanaya aparılıb". Əməkdaşların xəsarətlərinin dərəcəsi dərhal bəlli olmayıb. Aviaşirkət ABC News -a bildirib ki, uçuş ləğv edilib və sərnişinlər son təyinat yerlərinə digər uçuşlara yerləşdiriliblər. Aviaşirkət əlavə edib: “Hazırda müvafiq orqanlarla birlikdə dəqiq şəraiti araşdırırıq. Texniki işçilər və dəstək heyəti hadisə yerindədir. Əlavə məlumat əldə edildikcə təqdim edəcəyik”.