Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə start verilir. “Qafqazinfo” xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə paytaxtın inzibati rayonları üzrə təmirə ehtiyacı olan küçə və prospektlərdə kompleks təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur. İlkin mərhələdə Nərimanov, Yasamal, Səbail, Nəsimi, Xətai və Nizami rayonlarında yerləşən bir sıra küçə və prospektlərdə təmir işlərinə başlanılması planlaşdırılır. Təmir işlərinin aparılacağı küçə və prospektlər aşağıdakılardır: - Qara Qarayev prospektində yan yol; - Cəmşid Naxçıvanski küçəsi (8-ci kilometr bazarının sağ və sol tərəfi); - “Gülüstan” sarayına gedən yol; - Abbasqulu ağa Bakıxanov küçəsi (Rəşid Behbudov küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək); - Səməd Vurğun küçəsi (Füzuli küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinədək); - Füzuli küçəsi (Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək); - Ceyhun Hacıbəyli küçəsi (Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək); - Baksol yolu (Ziya Bünyadov prospektindən Azadlıq prospektinədək). - Hüseyn Cavid prospekti (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək); - Hüseyn Cavid prospekti (Landau küçəsindən Ə.Haqverdiyev küçəsinədək); - Şeyx Məhəmməd Xiyabani küçəsi; - Xarici Dairəvi yolun Şamaxı istiqamətində yan yolu. Qeyd edək ki, təmir işlərinə yaxın müddətdə başlanılması planlaşdırılır. Məqsəd paytaxt yollarının vəziyyətinin yaxşılaşdırılması, nəqliyyatın hərəkət rahatlığının artırılması və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsidir.